Əsas Səhifə > Şou-biznes > “Teatrda bundan əvvəlki rejissor işimə qarışırdı, indi isə...

“Teatrda bundan əvvəlki rejissor işimə qarışırdı, indi isə...


26-03-2024, 09:51
“Teatrda bundan əvvəlki rejissor işimə qarışırdı, indi isə...
“1990-cı ildən teatrda rəssam olaraq çalışıram. 2000-ci ildə məni Mingəçevir Dövlət Dram teatrının baş rəssamı vəzifəsinə təyin etdilər. Teatr rəssamı o biri rəssamlardan nə ilə fərqlənir? Teatr rəssamı səhnədə aktyor ifası vasitəsilə canlandırılan dünyanın yaradıcısıdır. Bu rəssam kətan və ya kağız səthi ilə işləmir. O tamaşanın yarandığı səhnə məkanında çalışır. Sadəcə olaraq teatrda mən artıq tək yox, hansısa tamaşanın eskizlərini rejissorla bir yerdə müzakirə edib yaradıram. Mən orada öz fikirlərimi deyirəm. Rejissor da mənimlə ya razılaşır, ya da ki, ayrı fikirləri irəli sürür. Məsələn, rəngkarlıqda hansısa portret, mənzərə yaxud da kompozisiya işləmisən. Teatrda kompozisiya dramaturqun nə demək istəməsidir. Həmin o dramaturqun əsərini əks etdirmək lazımdır. Öncə tamaşanın maketi hazırlanır, sonra vəsait ayrılır, lazım olan dekorasiyalar alınır və həyata keçirilir. Teatrda rəssam müxtəlif profillərdə çalışır: quruluşcu rəssam, rəssam-texnoloq, işıq üzrə rəssam və geyim üzrə rəssam”

Bunu Moderator.az-a açıqlamasında əməkdar rəssam, Mingəçevir Dövlət Dram teatrının baş rəssamı Rafael Haşımov deyib. O daha sonra əlavə edib.

“Teatrda fəaliyyətim ərzində 100-dən artıq tamaşaya bədii tərtibat vermişəm. Quruluşcu rəssamı olduğum Hüseyn Cavidin “Ana” tamaşası 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülüb. Hansısa bir tamaşanın eskizi üzərində işləyəndə orada mütləq şəkildə hansı dövrdən söhbət gedirsə personajların geyimləri də o dövrü əhatə etməlidir. Söhbət 18-ci əsrdən gedirsə, personajlara, aktyorlara müasir dövrün geyimlərini təqdim edə bilmərəm. Teatr rəssamı yeri gələndə həm modelyerdir, həm də dərzidir. Yaxşı olar ki, bu peşələri də bilsin. Əsərin özündən asılı olaraq orada rənglər dəyişə bilər. Ola bilər ki, kiçik bir detalı 3-4 vəziyyətdə istifadə edək. Bu çox maraqlı, düşündürücü sənətdir” deyə əməkdar rəssam bildirib.

Rafael Haşımov bildirib ki, əsərin müəllifi ilə bir o qədər də fikir mübadiləsi etmir. Amma rejissorla iş prosesində çox olur.

“Rəssam əsərin müəllifi ilə bir o qədər də təmasda olmur. Tamaşanı təhvil verəndə yaxud tamaşa hazırlanan prosesdə müəllif gəlib baxıb, əlavələrini edə bilər. İşlədiyim müddət ərzində belə bir hal yaşanmayıb. Mənim işim daha çox rejissorladır. Əlbəttə ki, aramızda mübahisələr də olur. Bu da normaldır. Teatrımızın baş rejissoru Vüsal Mehrəliyev heç vaxt rəssamın işinə qarışmır. O sadəcə istəklərini mənə deyir, mən də bu istəkləri nəzərə alıram. Vüsal Mehrəliyevdən öncə bir rejissorumuz var idi, onunla mübahisələrim çox olurdu. Mən gərək onu inandırmalı idim ki, bu dekorasiyanı niyə belə işləmişəm! Bunun üstündə mübahisələrimiz çox olub. Teatrın rəssamını teatr rəssamı edən rejissordur. Ola bilsin ki, müəllif səhnədə 6 pəncərənin olmasını yazıb yaxud da istəyib. Rejissor onu özü istəyən kimi də edə bilər. 6 pəncərəni 2 pəncərə ilə əvəz edə bilər yaxud da pəncərələrin sayını çoxalda bilər” deyə əməkdar rəssam bildirib.

Rafael Haşımov bildirib ki, müşahidələri də peşəsində ona yol göstərən mayak olub.

“Bəzən olub ki, tamaşanın başlamasına bir gün qalmış nələrsə yolunda getməyib, onu səhər tezdən hazırlayıb axşama kimi həmin problemi həll etmişik. Hər sənətin öz çətinlikləri var. Pis sənət yoxdur, pis sənətkar var. Bir dəfə televizoru izləyirdim, efirdə narkotik vasitələrin asılılığına düşən və sağalmaq istəyən bir gəncin etirafını dinlədim. O deyirdi ki, “narkotik bataqlıq kimidir, insanı özünə çəkir”. Həmin insanın o sözü beynimdə belə bir fikir yaratmışdı ki, nə vaxtsa mən belə tamaşa hazırlasam, səhnə bir növ bataqlığa oxşamalıdır. Səhnədəki bütün hadisələr bataqlığın içində cərəyan edirmiş kimi. O dekorasiyaları tamaşaçıya çatdırmaq lazımdır ki, tamaşaçı rejissorun və rəssamın nə demək istədiyini anlasın?! Bu fikirlərin hamısını mən cızmaqara edib rejissorla müzakirə edirəm. Ümumiyyətlə həyatdakı müşahidələrimin də mənə köməyi olur” deyə əməkdar rəssam deyib.

Geri qayıt