Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistan hələ də sülh müqaviləsinin imzalanmasını əngəlləyəcək addımlar atır "

"Ermənistan hələ də sülh müqaviləsinin imzalanmasını əngəlləyəcək addımlar atır "


26-03-2024, 09:14
"Ermənistan hələ də sülh müqaviləsinin imzalanmasını əngəlləyəcək addımlar atır "
"Ermənistan bütün vəclə Azərbaycanla olan kövrək sülh münasibətlərini pozmağa yönəlik addımlar atmaqdadır".

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov "Cebhe.info"-ya açıqlamasında deyib.

O bildirib ki, rəsmi İrəvan öz "ağa"larının diqtəsi ilə pozuculuq fəaliyyəti həyata keçirir:

"Ermənistan hələ də sülh müqaviləsinin imzalanmasını əngəlləyəcək addımlar atır və digər gücləri regiona toplamağa çalışır. Amma rəsmi İrəvan Bakının konkret tələbləri olduğunu unutmamalıdır.

Ermənistan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımalıdır. Hazırda işğal altında olan kəndlərimiz qeyd-şərtsiz Azərbaycana təhvil verilməlidir. Ermənistanın Baş naziri Nikol Paşinyan anklav kəndlərlə bağlı bəzi fikirlər səsləndirib, ancaq məsələ öz həllini tapmayıb".

Millət vəkili vurğulayıb ki, rəsmi Bakı hələ də İrəvandan bu məsələnin rasional həllini gözləyir:

"Ərazilərimizin işğalda olması faktı beynəlxalq hüquqla da təsdiq olunub. Həmin 8 kənd Azərbaycan ərazisidir və mütləq şəkildə bizə qaytarılmalıdır. Məsələ vaxt itirmədən öz həllini tapmalıdır.

Ermənilər nəzərə almalıdırlar ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq və ötən ilin 19 sentyabr tarixindəki uğurlu antiterror tədbirləri ilə Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi. Üstəlik, Azərbaycan Ordusu bunu öz gücü ilə etdi".

Vüqar İskəndərov qeyd edib ki, Ermənistan anklav kəndləri qaytarmasa, Azərbaycan antiterror tədbirləri həyata keçirilə bilər:

"Rəsmi Bakı anklav kəndlər məsələsini müharibəsiz və itkisiz bir şəkildə həll olunmasını tələb edir. Amma Ermənistan kəndlərimizi geri qaytarmasa, təbii olaraq Azərbaycan lokal antiterror tədbirləri həyata keçirə bilər. Rəsmi Bakı məsələni bu şəkildə həll etmək hüququnu da özündə saxlayır. Ona görə də Ermənistan tərəfi vaxt itirmədən bu məsələni həll etməli olduğunu unutmasın".

Geri qayıt