Əsas Səhifə > Partiya, Güney Press > "Bəzi qüvvələr tərəfindən Ramazan ayında..."

"Bəzi qüvvələr tərəfindən Ramazan ayında..."


27-03-2024, 14:02
"Bəzi qüvvələr tərəfindən Ramazan ayında..."
“Bəli, son onilliklərdə hər zaman “radikal islamçı”, “cihad”çı və s. adlanan təşkilat və qruplaşmaların həyata keçirdiyi müxtəlif terror aktlarından gerçək İslamın da, müsəlmanın da, türkün də əleyhinə istifadə olunubdur. Amma deyilənlər heç vaxt özünün təsdiqini tapmayıb və tapmır”.

Klassik Xalq Cəbhəsi partiyasının sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu bu fikri Moderator.az əməkdaşının “Bəzi qüvvələr tərəfindən Ramazan ayında baş vermiş Moskvadakı son terror olayının gerçək İslam və müsəlmanlarla əlaqələndirilməsinə necə baxırsız?” sualını cavablandırarkən ifadə edib.

“Müəyyən maraqlı qüvvələr belə fikirlər, şüarlar səsləndirsələr də, İslamı, müsəlmanları hədəf almağı öz kursları götürsələr də, dünyanın müxtəlif nöqtələrində “islamçı təşkilatlar” tərəfindən törədilən terror aktlarının gerçək İslamla və müsəlmanlarla əlaqəsi heç vaxt sübuta yetirilməyib və yetirilə bilməz də. Sadəcə, bu işlərin ideya müəllifləri, icraçıları onlardan müəyyən mərhələlərdə faydalana bilirlər. İstənilən terror aktının başqa bir cəhəti var ki, o, hadisənin özü ilə bitmir. Söhbət onu planlaşdıran, gerçəkləşdirən, ondan hansısa siyasi və qeyri-məqsəd üçün yararlanan qüvvələrin terror aktından sonra görəcəkləri işlərdən gedir. Bir də var terrorun konkret olaraq keçirildiyi ərazidə, ölkədə ona münasibət və xaricdən göstərilən münasibət. Hesab edirəm ki, indiki halda da istər Rusiyanın daxilindən, istərsə də xaricdən Moskvada məlum konsert-əyləncə mərkəzində baş vermiş son terror aktının gerçək İslamla əlaqələndirilməsi cəhdləri də puça çıxacaq”, - deyə davamında siyasətçi vurğulayıb.

Geri qayıt