İrəvanın növbəti XƏRİTƏ BLEFİ: - “Ya minaların yeri düzgün göstərilməyib, ya da qeyd olunan ərazidə...”
Tarix: 12-02-2024, 15:53 |
Çap et
“Minaların yaşayış məskənlərinin yaxınlığında kütləvi şəkildə basdırılması beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozan insanlıq əleyhinə cinayətdir”.
Bu fikirləri Ermənistanın Azərbaycana növbəti dəfə təqdim etdiyi mina xəritələrinin nə dərəcədə dəqiq olmasını dəyərləndirən politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təqdim etdiyi növbəti mina xəritələrində də müəyyən çatışmazlıqlar var:
“Minaların yaşayış məskənlərində, yaxud yaxınlığında kütləvi şəkildə basdırılması beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozan insanlıq əleyhinə cinayətdir. İndiyə qədər minaya düşən vətəndaşlarımızın sayı 300 nəfəri keçib. Onlardan 200-ü yerindəcə həlak olub.
Ermənistandan mina xəritələrini dəfələrlə tələb etsək də, erməni xislətinə uyğun olaraq ya prosesi uzadırlar, ya da bizə qeyri-dəqiq xəritələr verirlər. Bizə verilən xəritələr reallığın cəmi 25 faizini əks etdirir.
Yəni ya minaların yeri düzgün göstərilməyib, ya da xəritədə göstərilən yerlə minanın olduğu yer arasında müəyyən məsafə var. Bu faktların hər birini sübut etmişik və edəcəyik. Lazımi beynəlxalq qurumlar vasitəsilə haqlı mövqeyimizi yenə də qoruyacağıq”.