Bakı və Ankaranın tələbi qəbul edildi - Ərazi iddialarından geri çəkilirlər
Tarix: 2-03-2024, 12:09 |
Çap et
Ermənistanda konstitusiyanın dəyişdirilməsi hazırlığı davam edir, Baş nazir Nikol Paşinyan bununla bağlı yeni göstərişlər verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Konstitusiya İslahatları Şurası və Referendum Komissiyasının üzvləri dünən Baş nazir yeni konstitusiyanın mətninin hazırlanması məsələsini müzakirə ediblər. Şura və komissiyada Azərbaycanın diktə etdiyi yeni konstitusiyanı yazmaq istəməyənlər var, ötən toplantıda bu məsələ qızğın müzakirə olunub. Paşinyan iclasda bildirib ki, bununla bağlı heç bir problem görmür, yeni konstitusiya hazırkı şura tərəfindən yazılmalıdır”, - məlumatda deyilir.
Bununla belə, nəşr yazır ki, Paşinyanın konstitusiya referendumunun nə vaxt planlaşdırıldığı, əsas qanunun nə vaxt hazır olması və sairlə bağlı dəqiq heç nə deməməsi də diqqət çəkir.
Ermənistanın yeni konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Aktına istinadın çıxarılacağı gözlənilir. Bundan başqa, qonşulara ərazi iddiaları, separatizm və terrorizmin əsas mənbəyi olan erməni kilsəsinin xüsusi statusunun da referendumla ləğv ediləcəyi söylənilir.
Rəsmi Bakı gələcək sülh müqaviləsinin daha dayanıqlı olması üçün Ermənistanda konstitusiya islahatlarının vacib olduğunu bildirir. Bu, həm də Türkiyə ilə əlaqələrini normallaşdırmaq istəyən Ermənistana Ankaranın tələbidir.