Növbəti aylarda hansı ərzaq məhsullarının qiyməti artacaq?
Tarix: 9-09-2024, 16:02 |
Çap et
Adətən yay başa çatandan sonra bir sıra yerli ərzaq məhsulları ənənəvi olaraq bahalaşır. Elə son günlər də daxili bazarda bir çox məhsulun qiymətində artım müşahidə olunur.
Bəs, görəsən, növbəti aylarda hansı ərzaq məhsullarının qiymətində artım gözlənilir?
Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, növbəti aylarda meyvə-tərəvəz və ət məhsullarının qiymətində artım gözlənilir:
"İyulun 1-də dövlətin yanacağın qiymətini artırması ərzaqların qiymətinin bahalaşmasına əsas səbəbi oldu. Məhsulun daşınma xərcləri artdıqca sahibkarlar da qiyməti bahalaşdırdılar. Oktyabr ayından sonra meyvə-tərəvəzin qiyməti qalxacaq. Çünki ənənəvi olaraq noyabrdan etibarən istixana məhsulları bazara çıxır. İstixananın xərcləri bostan xərcləri ilə eyni deyil, daha bahadır. Məhsulu bostandan yığıb, saxlayıb noyabrda satmağı düşünənlər də baha satacaqlar. Çünki onlar düşünür ki, indi sezonda ucuza satmaqdansa, əlavə anbar xərcinə girib qışda 2 qat baha satmaq daha sərfəlidir. Buna görə də meyvə-tərəvəzlərin qiyməti qışa doğru bahalaşacaq.
Bundan başqa ət məhsullarının bahalaşması davam edəcək. Önümüzdəki aylarda ərzaq məhsullarında qiymət enişi görməyəcəyik. Amma kəskin bahalaşmalar da gözlənilmir".