Əsas Səhifə > Güney Press > Qarlı hava məhsuldarlığa necə təsir edəcək?

Qarlı hava məhsuldarlığa necə təsir edəcək?


26-03-2024, 19:10
Qarlı hava məhsuldarlığa necə təsir edəcək?
Son günlər bölgələrdə yağışlı və qarlı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün də Azərbaycanın rayonlarında gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq.

Maraqlıdır, qeyri-sabit hava məhsuldarlığa necə təsir edəcək?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, bunların hamısının məhsuldarlığa müsbət təsiri var:

"Əslində hava o qədərdə soyuq deyil. Düşünürəm ki, hazırda hava ilə bağlı baş verənlər - soyuq, şaxta, qar bunların hamısının məhsuldarlığa müsbət təsiri var. Bizim hazırda ən çox torpaqda olan bir illik bitkilərimiz taxıl və soğandır. Payız əkilən soğan və payız səpilən buğda, taxıl üçün qar da, yağış da, soyuq da müsbət təsir göstərir.

Amma ümumilikdə götürəndə havalar soyuq və qarlı keçəndə yerin üst qatında olan o zərərvericilər, həşəratların bir hissəsi qırılır. Bir hissəsi isə yerin daha çox dərinliklərinə hərəkət edir və nəticədə yazda havalar isinəndə onlar yenidən yerin üzünə qalxana qədər əkilən bitkilər inkişaf edir və güclənir, onlara müqavimət göstərə bilir. Ona görə də havaların indi soyuq keçməsinin elə ciddi problemi yoxdur".

Onun sözlərinə görə, bu hava şəraiti çiçəkləyən ağaclar üçün mənfi amildir:

"Bəzi ərazilərdə, əsasən aran rayonlarında bəzi ağaclar çiçəkləyib. Məsələn, alça ağacı artıq çiçəkləyib. Bu hava indi çiçəkəyən alça ağacının məhsuldarlığına mənfi təsir göstərə bilər. Hansı ağac çiçəkləyib, yağış onun məhsuldarlığına mənfi təsir göstərə bilər. Çünki çiçəyin tozlanan hissəsi islanır, islananda artıq o mayalanıb meyvə gətirə bilmir, məhsuldarlıq aşağı düşür.

Hazırda isə çiçəkləyən ağaclardan yalnız alçadır və bəzi gilas növləri erkən çiçəkləyir. Digər ağaclar hələlik çiçəkləməyib. Nə qədər ki ağaclar çiçəkləməyib, havanın soyuq keçməsi, yağışlı keçməsi ağacların da meyvələrin də məhsuldarlığına müsbət təsir göstərir.

Çiçəkləyəndən sonra yağan yağış, düşən şaxta meyvənin məhsuldarlığına mənfi təsir göstərə bilər. Amma faktiki hazırda o baş vermir. Hazırda baş verənlər ümumilikdə kənd təsərrüfatının xeyrinədir".

Geri qayıt