Əsas Səhifə > Güney Press > Meyitlərin yandırılmasına ilahiyyatçıdan SƏRT REAKSİYA

Meyitlərin yandırılmasına ilahiyyatçıdan SƏRT REAKSİYA


26-03-2024, 17:26
Meyitlərin yandırılmasına ilahiyyatçıdan SƏRT REAKSİYA
Xəbər verdiyimiz kimi Almaniyada ölən azərbaycanlı soydaşımızın meyiti yaxınları tapılmadığına görə yandırılıb. Bundan sonra isə meyitin külü Azərbaycana göndərilib. Azərbaycanda isə meyitin külünün müsəlman adətinə uyğun dəfn edildiyi bildirilib.

Bu durum heç də birmənalı qarşılanmayıb. Əksəriyyət meyitin yanıdırılmasından sonra islam qaydalarına görə dəfn olunmasını doğru hesab etmir.

Bəs, bu, islama uyğundur?

Məsələyə ilahiyyatçı Tural İrfan aydınlıq gətirdi. O bildirdi ki, ölünü yandırmaq İslam dinində qadağandır:

“Kimsə vəsiyyət etsə ki, onu yandırsınlar və bu vəsiyyəti hansısa zərurət ucbatından yox, dinə qarşı saymamazlıq kimi etsə o, şəxs müsəlman sayılmaz, ona ehsan düşməz, müsəlman qəbrisitanlığında dəfn edilməz.

Avropada, əsasən də Almaniyada ölmüş adamın yiyəsi çıxmırsa, onu yandırırlarsa, bu, Avropanın Şərqə sırımaq istədiyi saxta "insan haqları", saxta "tolerantlıq" və multikultural dəyərlərə ziddir. Milyarder müsəlman ölkələri var ki, müqavilə bağlayıb bir məzarlıq ala bilərlər. Müsəlmanlardan sahibsiz adamlar öləndə də orada dəfn olunarlar. Yoxsa, Avropa müsəlmanı necə yandıra bilər?!

Bu, islam dininə, müsəlman aləminə təhqirdir. Quranı yandırırlar, ölülərimizi yandırırlar. Bu onların səlibçi təfəkkürünün əlamətidir. Bununla bağlı böyük islam alimləri fətva verməlidir. Müsəlmanın dirisi də, ölüsü də möhtərəmdir, yandırmaq isə təhqirdir. İslam dininə görə heç ölmüş iti də yandırmırlar, nəinki insanı”.

“Onlar üçün ayrı qəbiristanlıq olmalıdır”

İlahiyyatçı əlavə edib ki, əgər kimsə yandırılmasını vəsiyyət edərsə o, müsəlman olmaqdan çıxır və o müsəlmanların dəfn olunduqları məzarlıqda dəfn edilə bilməz:

“Elə adamlar üçün xüsusi qəbrisitanlıq olmalıdır. Xüsusən də elə adamı İslam qaydalarına uyğun dəfn etməyə lüzum yoxdur. Doğrudur, insanlıq xatirinə dəfn etmək, torpağa basdırmaq lazımdır, məzarına nişangah da qoyula bilər. Ancaq bir şəxs tamamilə dindən çıxdığını elan edibsə, ona ehsan, Quran, dua düşmür.

Ölkədə təzə adət salmaq yolverilməzdir. Nə diri, nə də ölü insanı yandırmaq olmaz. Qartallara yem etmək, suya axıtmaq, odda yandırmaq hind dinlərində var. İslamda yalnız torpağa dəfn etmək olar. Bir də meyiti sahilə çıxarmaq ehtimalı yoxdursa, dəniz səfərində ölmüş adamın meyitini vacib əməlləri icra etdikdən sonra suya buraxmaq lazımdır.

Lakin odda yandırmaq əsla olmaz. Ona görə ki, atəş Cəhənnəm əlamətidir və odla əzab vermək yalnız Allaha xasdır. Hətta islam dinində heyvanları damğalamaq belə qadağandır”.
Surxay Atakişiyev, Bizim.Media


Geri qayıt