Əsas Səhifə > Güney Press > Borular və yollar Ermənistandan keçəcəkdisə...

Borular və yollar Ermənistandan keçəcəkdisə...


26-03-2024, 17:40
Borular və yollar Ermənistandan keçəcəkdisə...
Yarımçıq hamiləlik kimi, yarımçıq sülh də olmur. O ya var, ya da yeni müharibə uzaqda deyil və qaçılmazdır. Böyük hərbi toqquşmadan yayınmağın ilkin şərti isə qarşı duran tərəflər, qonşular arasında təcili sülh sazişi imzalamaqdır.

Azərbaycan buna çoxdan hazırdır. Çünki onu yetırincə müdrik rəhbəri var. Əfsus ki, Ermənistan haqda bunu demək mümkünsüzdür. Qonşu ölkənin ağıllı rəhbərləri olsaydı, onlar rəsmi Bakının illərlə Qarabağ ermənilərinə yüksək muxtariyyət verib məsələni qapatmaq üçün az qala yalvarmasını ciddiyə alardılar.

Nikol Paşinyan daxil, erməni rəhbərlər dərin zəka yiyələri olsaydılar, əlbəttə ki, vəziyyət ümumiyyətlə 44 günlük müharibəyə, ardınca 1 günlük aniterror əməliyyatına qədər gəlib çıxmaz, yekunda Ermənistan daha rəzil günə qalmazdı. Üstəgəl, haylar indi Qarabağda da yaşayırdılar.

Nəhayət, yalançı hərbi qələbədən eyforiyaya düşüb başı gicəllənən, ayağı yer tutmayan özündənrazı erməni liderlər “5-ci nöqtələri” ilə yox, başları ilə düşünsəydilər, Ermənistan hələ də təcrid durumda qalmazdı.

Sonrakı peşmançılıq isə fayda verməz. Ancaq hayların bədbəxtçiliyi ondadır ki, onlar bunca faciəvi olaylardan sonra da üzləşdikləri fəlakətlərin əsas səbəbini özlərində görmürlər. Bəzi simvolik istisnalarla...

Misal üçün, baş naziri Nikol Paşinyan Yunanıstanın “Kathimerini” nəşrinə bu günlərdə verdiyi müsahibədə maraqlı bir etiraf edib: “Gürcüstandan Ermənistana və İrana ən optimal dəmir yolu marşrutu Azərbaycan Naxçıvanından keçir və bu dəmir yolu sovet illərində mövcud olub. Bu, Şimal-Cənub marşrutudur. Həmçinin Xəzər dənizini Ermənistan ərazisi ilə Aralıq dənizi ilə, eləcə də Qara dənizdəki Türkiyə limanları ilə birləşdirəcək Şərq-Qərb istiqaməti var. Bundan ötrü Azərbaycandan dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə daxil olmalıdır. Biz belə qərarlara hazırıq”.

Azərbaycandan dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri... Ermənistan vasitəsilə Türkiyəyə keçməli imiş. Cənab haylar, çox gecikməmisiniz ki? Borular, kommunikasiyalar Ermənistan üzərindən Türkiyəyə çatdırılacaqdısa, görəsən bunca qırğın-qiyamət, dağıdıcı separatizm, Azərbaycan xalqına qarşı saysız şərəfsizliklər nəyə lazım idi?..

Bu mövzuda bir dəfə yazmışdıq: bir millətin və ya ölkənin ən böyük bədbəxtliyi onun ağıllı və uzaqgörən rəhbər sarıdan xroniki korluq çəkməsidir. O halda ona heç nə kömək etməyəcək – nə qiymətli təbii resurslar, nə də müasir və bahalı silahlar. Kapitulyant ölkənin taleyi görkdür.

İnsafən Ermənistanın birinci prezident Levon Ter-Petrosyan (1991-1998) bu xüsusda vaxtilə az-çox praqmatizmi ilə seçilib. Amma o da iş-işdən keçəndən sonra. Yenə yada salaq: 1994-cü ildə, “Əsrin müqaviləsi” hazırlanarkən mərhum prezident Heydər Əliyev bölgədə sülh və əməkdaşlıq naminə Bakı-Ceyhan neft xəttinin ən qısa, ən əlverişli marşrut kimi Qarabağ və Ermənistan üzərindən çəkilişini təklif edib. Bir şərtlə, konflikt ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunsun, iki xalq arasında düşmənçilik bitsin. Bundan əlavə, Bakı qarşılığında Ermənistanda bir neçə neftayırma zavodunun inşası, ucuz neftlə təminat və yüksək tranzit haqları vəd edib (mənbə: sabiq xarici işlər naziri Həsən Həsənovun müsahibəsi).

Lakin o zamankı prezident Ter-Petrosyanın cavabı belə olub: “Biz Qarabağı boruya dəyişmirik”. Hərgah, 4 il sonra - 1998-də o, nə boyda yanlış elədiyini anlamışdı. Ancaq artıq gec idi. Boru xətti artıq çəkilmişdi...

Oxşar səhvləri Ter-Petrosyanı devirən xələfləri - Robert Köçəryan və Serj Sərkisyan təkrarladı: Bak-Ərzurum qaz, Bakı-Qars dəmiryolu xətlərinin Ermənistandan keçməsinə imkan vermədilər. Levon Ter-Petrosyan isə hələ 1997-ci ildə müsahibəsində Qarabağın statusunu gələcəyə saxlamağa razılaşaraq söyləmişdi: “Bizə təklif ediləni götürməsək, vaxt gələcək yalvaracağıq, çünki vəziyyət dəyişəcək, Azərbaycan güclənəcək”.

Yenə Qarabağ klanı qoymadı. Ter-Pertoysanı Bakıya qarşı yumşaq, konstruktiv mövqe tutmağa görə Moskvanın köməyi ilə devirdi. Fəqət, o da qalib olmadı. Uduzan erməni xalqı oldu...

Qayıdaq Paşinyanın “çəhrayı” 2024 arzularına. Az öncə, bu cilin yanvarında Nikolun kadrı - ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Tiflisdəki forumda söyləmişdi: “Sovet dönəmində Ermənistan Azərbaycandan qaz alırdı. Azərbaycandan üç böyük qaz kəməri bu məqsədə xidmət edirdi. Münaqişə səbəbindən qaz və elektrik enerjisi verilişinin dayandırılması Ermənistanın energetik sistemi üçün əsl şok oldu. Ümid edirik ki, regiona sülh gələcək, aradakı siyasi məsələlər həll olacaq və biz yenə Azərbaycandan qaz ala, öz enerji mənbələrimizi şaxələndirə biləcəyik”.

Davamında isə bildirmişdi: “Biz Azərbaycandan Avropaya qaz nəqlində də tranzit ölkə ola bilərik. Bu, həmçinin elektrik enerjisinin nəqlinə aiddir. Ermənistan Azərbaycandan Türkiyəyə və əks istiqamətdə elektrik enerjisinin tranziti və ixracında, eləcə də hər iki ölkəyə, habelə İran və Gürcüstan arasında elektrik enerjisi ixracında rol oynaya bilər”.

Nə oldu, bəs Qarabağı boruya dəyişmirdiniz, manyakcasına “Qarabağ Ermənistandır və nöqtə” qışqırırdınız, ancaq indi Ter-Petrosyan demiş, yalvarmağa başlamısınız.

Təklif olunanı vaxtında götürmək, barışıq əlini vaxtında sıxmaq lazımdır...

Musavat.com

Geri qayıt