Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Qərbin Azərbaycanla bağlı şok hədəfi

Qərbin Azərbaycanla bağlı şok hədəfi


30-03-2024, 10:20
Qərbin Azərbaycanla bağlı şok hədəfi
Xəbər verdiyimiz kimi, aprelin 5-də Brüsseldə ABŞ-Avropa Birliyi (AB)-Ermənistan formatında baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken bir araya gələcək. İlkin məlumatda “Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın” yollarının müzakirə ediləcəyi bildirilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tədbirin “ölkəsinin müqavimətini gücləndirmək” məqsədi daşıdığını bildirib.

Əslində isə hədəf heç də xoşməramlı deyil və təəssüf ki, ən əvvəl ölkəmizə qarşı yönəlib, Azərbaycandan “xoxan” düzəltməyə hesablanıb - rəsmi Vaşinqton, Brüssel və İrəvan bunu israrla təkzib etsə də.

İnformasiyalara əsasən, ABŞ və AB Ukrayna ilə imzalanan sazişlərə bənzər formada Ermənistana təhlükəsizlik zəmanəti vermək üçün pakt imzalamağa hazırlaşır. Bir çox ekspertlərə görə, revanşist planların - Azərbaycan torpaqlarının yenidən işğalının həyata keçirilməsi üçün məhz Qərbin dəstəyinə ehtiyac olduğunu Ermənistanda artıq gizlətmirlər.

Başqa sözlə, Azərbaycanla sülh müqaviləsi imzalanmadan Ermənistana belə qarantiyaların və dəstəyin verilməsi, “onun müqavimətinin artırılması” sülh sənədinin imzalanmasını ciddi şəkildə yubada və erməni revanşistlərin “çörəyinə yağ” sürtə bilər. Qarşıdakı görüşə Cənubi Qafqazla bağlı qlobal güclərin ciddi planlarının göstəricisi kimi baxanlar da az deyil. Hesab edilir ki, kapitulyant ölkənin kollektiv Qərbdə bu dərəcədə “əzizlənməsi” əsla təsadüfi deyil və regionla bağlı xoş niyyətdə qaynaqlanmır.

Yəni son zamanlar bəşəriyyətin mühüm qlobal çağırışlarla üz-üzə qaldığı bir vaxtda Qərbin ayrı-ayrı təsisatları tərəfindən Ermənistanla bağlı verilən bəyanatlar, müntəzəm görüşlərin keçirilməsi məhz bölgəmizin böyük güclər arasında növbəti “rəqabət-çəkişmə” coğrafiyası olduğuna dəlalət edir.

Hərgah ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-dəki görüşü şərh edərkən deyib: “Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir qarşılıqlı görüşdə məqsədimiz onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq, güclü və davamlı sülh sazişi əldə etmək üçün çalışmağa təşviq etməkdir”.

Lakin rəsmi Bakının haqlı narahatlığı qalır. Bunu XİN-in son açıqlamasından da açıq görmək olar. Sitat: “Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”.

Məsələ də ondadır ki, görüşlə bağlı xüsusi qeyd olunmasa da, söhbət faktiki hərbi paktdan gedir və bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. Ayrı sözlə, Azərbaycanın güclənməsi ilə, öz ərazilərini azad etməsi ilə barışmayan ABŞ və Avropa regionu yeni qeyri-sabitliyə sürükləmək istəyir, Qafqazda Ermənistan üzərindən ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılması yönündə təhlükəli planlar qurulur.

Ona da şübhə yox ki, pakt Azərbaycana təzyiq və müdaxilə planının tərkib hissəsidir. Ermənistan, sadəcə, revanşa hazırlaşdırılır, onun əli ilə regionda münaqişə ocağı yaratmağa çalışılır. Demək, bədəlinə də hazır olmalıdırlar.

Bəs bu planlar Ermənistan üçün konkret hansı nəticələr doğura bilər? Şuşa Bəyannaməsi öz yerində, Bakı hansı ön tədbirləri görməlidir?

Yada salaq ki, 20-ci əsrin əvvəlində bir “Vudro Vilson planı” - “Böyük Ermənistan” ideyası mövcud olub. Belə çıxır, Amerikanın Ermənistanla bağlı daha bir məkrli anti-Türk planı işə düşür? 5 apreldən sonra sülh danışıqları sıfırlanacaqmı?

Deputat Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçirilməsi planlaşdırılan birgə konfrans indiyə qədər bəzi hallarda üstüörtülü saxlanılan qərəzli siyasətin açıq şəkildə nümayişidir. Faktiki olaraq, bu konfrans hərbi paktın yaradılması deməkdir: “Bu paktda aparıcı güc ABŞ və ikinci güc Avropa İttifaqıdırsa, həyata keçirilməsində əsas vasitə Ermənistandır. Bu üçlüyün konkret hədəfi Cənubi Qafqazı yenidən qarışdırmaqdan ibarətdir. ABŞ və Avropa İttifaqı Ermənistanı ölkəmizə qarşı silahlandırır, revanşist meyilləri gücləndirirlər. Açıq söyləmək lazımdır ki, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini tam bərqərar etməsi təkcə işğalçı Ermənistan üzərində çalınan zəfər deyil. Bu, eyni zamanda Ermənistanın havadarları üzərində də qazanılan qələbə olduğundan onlar Azərbaycanın zəfərini qəbul edə bilmirlər. Çünki Azərbaycanın şanlı zəfəri uzun əsrlərdən bəri yürüdülən siyasəti darmadağın edib.

Hərbi paktın yaradılmasında digər məqsəd Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, üçüncü ölkəni və ya ölkələr qrupunu bu regiona gətirməkdir.

ABŞ və Avropa İttifaqının Ermənistanın əli ilə Qafqazda ikinci cəbhə açmaq cəhdləri çox təhlükəlidir. Bu, böyük problemlər yarada və Ermənistan üçün ağır nəticələr verə bilər. Əgər iddia etdikləri kimi, doğrudan da ABŞ və Aİ Cənubi Qafqazda sülhün bərpasını istəyirlərsə, o zaman gerçəklikləri qəbul etməli və revanşistləri qızışdırmamalıdırlar. Yox, əgər regionda bundan sonra hər hansı bir gərginlik yaranarsa və ya terrora cəhd edilərsə, bunun təşkilatçılarının ABŞ və Avropa İttifaqı, həyata keçirəninin isə Ermənistan olacağına şübhə qalmayacaq.

Regionun gələcəyi qarşıdurmalarda və müharibələrdə deyil, sülhdə, əmin-amanlıqdadır. Azərbaycanın mövqeyi aydındır. Dövlətimiz Ermənistanla münasibətləri normallaşdırmaqdan ötrü sülh sazişinin imzalanmasına çalışır, yeni əməkdaşlıq səhifəsi açır. Lakin Ermənistan hökuməti anlamaq istəmir ki, tərəfimizdən təqdim edilən sülh və əməkdaşlıq təklifi erməni xalqının da maraqlarına uyğundur. Azərbaycan sülhə çalışmaqla yanaşı, ordusunu da gücləndirir, ölkəmiz istənilən təxribata ən sərt cavab vermək iqtidarındadır".

Deputat Anar İsgəndərli isə “Azərbaycan” qəzetinə deyib ki, Qərb tarix boyu Ermənistan üçün göz yaşı töküb, guya ermənilərin “acı taleyi”nə yanaraq onlara dəstək olmaq istəyib: "ABŞ və Avropa İttifaqı başda olmaqla, İrəvana təhlükəsizlik zəmanəti verən Qərb subyektlərinin əsas məqsədi isə Ermənistana dayaq durmaq deyil, öz maraqları naminə Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirməkdir. ABŞ və Avropa İttifaqı Ermənistanla hərbi pakt imzalamaqla sülh üçün yaranmış tarixi şansı heçə endirə bilərlər. Tarixi imkanı qaçıran Ermənistan real sülh perspektivlərini heçə endirir. İrəvan Cənubi Qafqazda Qərbin hərbi mövcudluğuna nail olmaqla nəsə əldə edəcəyini düşünsə də, tamamilə yanılır. Görünür, Ermənistan bu addımı ilə itirəcəklərinin kifayət qədər çox olacağını, hətta dövlət müstəqilliyinin belə sual altında qalacağı həqiqətini anlamır. Yəni istənilən halda Qərb siyasi dairələri keçmişdə olduğu kimi, indi də Ermənistana heç nə qazandıra bilməyəcək. Qərbin erməniləri ruhlandırmasına baxmayaraq, Ermənistan üçün vuruşmayacağı gün kimi aydındır. Çarəsiz qalan İrəvan isə son nəticədə yenə Azərbaycana yalvaracaq, bizdən imdad diləyəcək. Regionda və ətraflarda müşahidə olunan gərgin münasibətlər fonunda İrəvanın başqa çıxış yolu qalmayacaq. Rusiya-Ukrayna müharibəsinin alovlandığı və Qərbin bu müharibəyə müdaxilə etdiyi bir məqamda Ermənistanın nəsə qazana biləcəyi şübhə altındadır. Amma bölgənin ən zəif dövləti olduğuna görə itirəcəyi məlumdur”.

Anar İsgəndərov qeyd edib ki, ABŞ-Aİ-Ermənistan konfransı çərçivəsində qəbul edilməsi planlaşdırılan hərbi pakt regionda təhlükəsizliyin və sülhün bərqərar olmasının əleyhinə yönəlib. Bu bir daha sübuta yetirir ki, ABŞ və Avropa Cənubi Qafqazı yeni fəlakətə sürükləmək niyyətindədir".

Deputat Azay Quliyev isə bildirib ki, aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə Ermənistanla hərbi pakt bağlamağa hazırlaşan ABŞ, Fransa, Avropa İttifaqı Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik fəaliyyətini açıq müstəviyə keçirməyə qərar verib: "Heç bir şübhə yoxdur ki, təhlükəsizlik təminatı adı altında Ermənistanın birtərəfli dəstəklənməsi, silahlandırılması və ondan dağıdıcı vasitə kimi istifadə olunması regionda sülhə və sabitliyə ciddi zərbədir. Yaxşı başa düşürük ki, Qərbin bu planı Cənubi Qafqazda yeni nüfuz bölgüsünü həyata keçirməyə və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmağa hesablanıb və belə bir yanlış siyasət nəticəsində regionun yeni təlatümlərə və müharibələrə sürüklənməsi riski xeyli artacaq və bəlkə də qaçılmaz olacaq.

Biz bunu Avropa İttifaqının Ermənistandakı missiyasının hərbiləşdirilməsi fonunda da açıq görürük. Hazırda ABŞ-ın da bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir. Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən və barışdan dəm vuran Ermənistanın, o cümlədən ABŞ, Fransa, Avropa İttifaqının siyasi riyakarlığını, saxtakarlığını və əsl üzünü bir daha göstərir.

Ancaq hamı bilməlidir ki, Qərbin bu kimi ikiüzlü və saxta mahiyyətinə Azərbaycan çoxdan alışıb və bizdə artıq bu cür birtərəfli, qərəzli və ikili yanaşmalara qarşı güclü imunitet formalaşıb.

Ona görə də əminəm ki, bu addımların heç biri Azərbaycan xalqının və onun liderinin iradəsini qıra bilməyəcək və son 4 ildə olduğu kimi bundan sonra da ölkəmizə qarşı qurulan bütün məkrli planların qarşısı qətiyyətlə alınacaq".

Geri qayıt