Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Azərbaycanın səfiri Avropa Şurasının baş katibi ilə nədən danışıb?

Azərbaycanın səfiri Avropa Şurasının baş katibi ilə nədən danışıb?


16-04-2024, 08:44
Azərbaycanın səfiri Avropa Şurasının baş katibi ilə nədən danışıb?
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılovun Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç Buriçin ilə görüşündə ölkəmizlə bu qurum arasındakı gərginlik müzakirə olunub.

Bu barədə Gununsesi.info-ya Avropa Şurasındakı mənbələr bildirib.

Qeyd edək ki, Azərbaycanın qurumdakı daimi nümayəndəsi baş katiblə görüşdə Azərbaycan tərəfindən Avropa Şurası Parlament Assambleyasının ratifikasiyasına dair Əlavə Protokolun təsdiq edilməsi haqqında sənədi təqdim edib.

Mənbəmizin məlumatına görə, AŞ-ın baş katibi səfirlə söhbətində Azərbaycanda həllini tapmalı olan problemləri qabardıb və səfirin bunları hökumətin diqqətinə çatdırmasını xahiş edib.

Bildirilir ki, Mariya Peyçinoviç Buriçin Azərbaycanın Avropa Şurası ailəsinin üzvü olduğunu vurğulamaqla yanaşı, ölkəmizin bu qurum qarşısındakı öhdəliklərinə sadiq qalmalı olduğunu da dilə gətirib.

Qeyd edək ki, 2024-cü ilin ilk sessiyasında AŞ PA Azərbaycanın qurumdakı deputat qrupunun mandatını təsdiqləməkdən imtina edib. Buna səbəb kimi son zamanlar media nümayəndələrinin və siyasi fəalların həbsi göstərilib.

Azərbaycan hökuməti isə iddia edir ki, AŞ PA Qarabağ üzərində suverenliyimizi bərpa etməyimiz Avropa Şurası və bir sıra təşkilatların bizə qarşı qərəzinə səbəb olub.

Geri qayıt