Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "Rusiya da bölgədə sabitləşdirici qisimdə görünür"

"Rusiya da bölgədə sabitləşdirici qisimdə görünür"


23-04-2024, 08:34
"Rusiya da bölgədə sabitləşdirici qisimdə görünür"
Bakı öz gücü hesabına Qarabağda təhlükəsizliyi təmin edə bilər.
Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov "TASS" agentliyinə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən deyib.

"Qarabağ Azərbaycan Respublikasının ərazisidir və Respublikanın təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var", - o deyib.

Baş katib həmçinin, regionda sabitliyin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üzrə perspektivlərdən asılı olduğunu deyib.

Xatırladaq ki, bu yaxında sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması prosesini əks etdirən kadrlar yayılıb. Bir qədər sonra Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan dövləti Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış edir:
“Bütün güc mərkəzləri, o cümlədən siyasi bloklar və təşkilatlar Azərbaycanın sabitləşdirici rolunu yüksək dəyərləndirir. Biz bu məsələ ilə bağlı müxtəlif yanaşmaların şahidiyik. Məsələn, NATO və onun təsiri altında olan ölkələr Qafqaza, postsovet məkanına gərginlik gətirməyə çalışırlar. Onlar özlərinə əl altı olaraq Ermənistanı seçiblər. Baxmayaq ki, Azərbaycan KTMT-də heç zaman olmayıb, amma bizim o sırada dostlarımız var. Onlar gözəl anlayırlar ki, xalqlara sabitlik və sülh lazımdır. Əgər sülh olmasa, əməkdaşlıq da yoxdur. Ermənistan isə Qərbin radikal qüvvələrinin dağıdıcı istəklərini regiona gətirməyə çalışır. Azərbaycan qan tökmədən öz kəndlərini geri qaytardı. Bəs Ermənistan bu ənənənin arxasında dura bilərək xarici qüvvələrin fitnə-fəsadının qarşısını ala biləcəkmi? Çünki Ermənistan müxtəlif mövqelərdə fərqli fikirlərlə çıxış edir”.

Ekspert qeyd edib ki, Cənubi Qafqazda sabitliyin əldə edilməsində Cənap Prezident İlham Əliyevin misilsiz xidmətləri var:
“Azərbaycan təhlükəsizliyin təmin edilməsi ilə bağlı gözəl nümunələr nümayiş etdirir. Digər tərəfdən həmin proseslərə öz tərəfdaşlarını cəlb edir. Məsələn, bu ölkələr sırasında xüsusilə Türkiyənin adını çəkmək olar. Həmçinin Rusiya da bölgədə sabitləşdirici qisimdə görünür. Rusiya Qarabağdan sülhməramlılarını geri çağırdı. Əlbəttə, bunların hamısı təqdirəlayiq addımlardır. Fransa, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlatı Azərbaycanın yaratdığı status-kvonu laxlatmağa çalışır. Azərbaycan isə istənilən təhdidin qarşısını almağa qadirdir. İlham Əliyevin quruculuq fəaliyyəti tarixə qızıl hərflərlə yazılacaq”.

Geri qayıt