Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Evimi dağıdanlara sanksiya qoyun!

Evimi dağıdanlara sanksiya qoyun!


23-04-2024, 11:53
Evimi dağıdanlara sanksiya qoyun!
Amerika Birləşmiş Ştarları Şuşanı azad etmiş qəhrəman generalı sanksiya ilə hədələyir. Konqresdə layihə hazırlayıblar. Hələ qəbul olunmayıb. Qəbul olunacağı da bilinmir.
Bəs siyahıda adı keçən qəhrəman general kimdir?! Söhbət hazırda müdafiə nazirinin müavini- quru qoşunlarının komandanı, general-leytenant Hikmət Mirzəyevdən gedir.

Bu adam nə edib ki?! Vətən torpağını işğaldan azad edib. Buna görə adamı cəzalandırarlar?! Hikmət Mirzəyevə, eləcə də, general Ənvər Əfəndiyevə Ermənistan bu sanksiyanı qoysa, başa düşərik. Ancaq ABŞ niyə?!

Hikmət Mirzəyev hansı müxalufətçinin hüququnu pozub? Kimi tutub?!

Layihənin Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı olduğu deyilir. Ancaq əslində başqa səbəb var. Böyük ehtimalla Azərbaycan prezidentinin Rusiya prezidenti ilə görüşünə cavabdır. Hiss olunur ki, bu layihə indi hazırlanmayıb. Çünki sənəddə Ənvər Əfəndiyev quru qoşunlarının komandanı, Hikmət Mirzəyev isə xüsusi təyinatlı qüvvələrin komandanı kimi göstərilib. Amma xeyli vaxtdır, Ənvər Əfəndiyev öz vəzifəsindən istefaya göndərilib, onun yerinə Hikmət Mirzəyev təyin olunub. Deməli, bu sənəd əvvəldən hazır imiş. Seyfdə saxlayıblar, Azərbaycan və Rusiya prezidentləri görüşən kimi çıxarıb ortaya qoyublar . Turan agentliyinin yaydığı bu siyahıda elə adamların adı var, heç nəyə dəxli yoxdur. Qərar verən adamlar deyillər və sair.

Belə sanksiya hədələri əvvəllər də olub. Birinci dəfə deyil. Hətta 2003-cü ildə ilk dəfə İlham Əliyevin prezident seçildiyi Konstitusiya Məhkəməsində təsdiq olunandan sonra ABŞ Konqresində bir sənəd qəbul edilmişdi. Orda yazılmışdı ki, lazım gələrsə, Birləşmiş Ştatlar seçkinin yenidən keçirilməsini tələb edə bilər. O zamandan bəri daha dörd dəfə prezident seçkisi keçirilib və hamısının da nəticələri İlham Əliyevin xeyrinə olub. Ancaq 2003-cü il seçkisinin nəticəsini ləğv edib yenidən keçirilməsini heç kim tələb etməyib. Bu, indi çox absurd səslənir. Ümumiyyətlə, tarixi təcrübə də göstərir ki, sanksiya siyasəti heç də həmişə uğur gətirmir. Çox hallarda işləmir də.

Əgər sanksiya ədaləti tələb etməyə yönəlibsə, mən də ABŞ Konqresindən xahiş edirəm: Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndindəki evimizi, atamın, babamın, nənəmin qəbirlərini dağıtmış Ermənistan dövlətinə də sanksiya tətbiq edin...

Bahəddin Həzi, Bizimyol.info

Geri qayıt