Əsas Səhifə > Güney Press, Üst manşet > "Sumqayıt nəqliyyatı AYNA-ya veriləndə sevindik..."

"Sumqayıt nəqliyyatı AYNA-ya veriləndə sevindik..."


24-04-2024, 08:32
"Sumqayıt nəqliyyatı AYNA-ya veriləndə sevindik..."
"Sumqayıt şəhərindəki 3 nömrə avtobuslar sayı çox azdır, balacadır və çox gec-gec gəlir. Dözülməz, dəhşətli basabas, sıxlıq olur orda. Ayaqüstə durmağa da yer olmur. Xəstə adam ölər orda. Avtobus yanı üstə yerə əyilir. Camaat sürücüyə acıqlanır ki, dayanacaqda saxlamasın, çünki ayaq üstə durmağa yer yoxdur. İllərdir 3 nömrə avtobus barədə şikayətlər edilir, lakin faydası yoxdur ki, yoxdur". Bu barədə dia-az.info-ya göndərilən müraciətdə deyilir.
 
Müraciət müəllifi daha sonra bildirir: "Sumqayıt tək Sumqayıtdan ibarət deyil, ətrafları Sumqayıtın özündən böyükdür. 3 nömrə də Hacı Zeynalabdin qəsəbəsinə, Yaşmaya, şəhərin ətraflarına işləyir. O yolda çox sayda zavodlar, fabriklər, iş yerləri, yaşayış massivləri var. Gediş–gəliş çoxdur.

3 nömrə avtobus məsələsi böyük problem deyil, ancaq nə sirdirsə, illərdir həllini tapmır. Sürücülər deyir ki, 3 nömrə elə sovet vaxtından belə işləyir.

Bu qədər haqsızlıq olmaz. Səhər-səhər 3 nömrə ilə o cür ağır vəziyyətdə dərsə, işə gedən adamın psixologiyası pozulur, o adamın gördüyü iş, oxuduğu dərs nə olacaq?

Uzun avtobuslardan çox sayda gətirsələr 3 nömrəyə, bu ağır işgəncədən qurtulub, xilas olarıq. Adam nə qədər əsəb, stres keçirər?

Tez-tez 3 nömrə avtobuslardan xarab olanları da olur, təmirə gedir, onda vəziyyət daha da betər olur. Çünki zatən az olan avtobus sayı daha da azalır. 

Hər adam özünə maşın alıb saxlaya bilməz. Avtobusun ümidinə də qalanda adam olmazın əzablar, zülmlər çəkir. Adam qalır çarəsiz, ümidsiz durumda. Olmaz belə.

Dünya praktikasında görünüb ki, insanları ictimai nəqliyyata həvəsləndirirlər ki, camaat şəxsi maşına yox, avtobusa minsin, tıxac azalsın, Sumqayıtda isə tam tərsinədir.  Adam hər dəfə 3 nömrə avtobusla gedəndə öz həyatına nifrət edir, peşiman olur ki, niyə şəxsi avtomobili yoxdur. 
Dedilər Sumqayıt nəqliyyatı AYNA-ya verilib, sevindik ki, bəlkə nəsə müsbət dəyişikliklər olar. Ancaq heç nə dəyişmir.

Bu çəkiləcək dərd deyil. Xahiş edirik, 3 nömrə probleminə çarə tapılsın. Bir belə zülm olmaz.  Bizi uzun illərdir davam edən bu zülmdən xilas etməyinizi xahiş edirik". 

Geri qayıt