Əsas Səhifə > Güney Press, Üst manşet > Naxçıvanda iməclik mövsümü başladı

Naxçıvanda iməclik mövsümü başladı


26-04-2024, 08:02
Naxçıvanda iməclik mövsümü başladı
Vasif Talıbovun zamanında iməclik adlı məcburi əmək vardı. Məcburi və müftə əmək hüquqi ədəbiyyatda qul əməyi sayıldığından həmişə buna qarşı çıxmışam. Yenə də o qənaətdəyəm ki, iməcliklər könüllülük əsasında olmalıdır. Kim istəyərsə, iməcliyə çıxar, kim istəməsə, istirahət hüququndan istifadə edər". Dia-az.info bildirir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
Jurnalist köhnə əyyamlardakı bəzi eybəcərliklərin hələ də qüvvədə qalmasına işarə edərək daha sonra bildirir: "“Xan” getdi, “canişin” gəldi. Naxçıvanlıların məcburi iməcliyi isə yenə bitmədi. Özü də şair demişkən;
“Davam edir 37,
Daha kəskin, daha ciddi”.
Naxçıvandan aldığım məlumata görə, “canişin” administrasiyası artıq bir neçə gündür ki, sadə vətəndaşları məcburi əməyə cəlb edib. Üstəlik, “xan” dövründən fərqli olaraq, indi Naxçıvan məmurları eynilə Hindistan vətəndaşları kimi müxtəlif kastlara bölünüb: Bakıdan gələnlərə və Naxçıvanda yaşayanlara. Bakıdan gələn ali kastın nümayəndələri iməcliyə qatılmazlar. Onlar uzaqbaşı Sədərəkdə əllərində üzüm tingi tutub şəkil çəkdirərlər. Və özlərini nazir-rəncbər kimi göstərərlər. Zavallı Naxçıvanda yaşayanlar isə mütləq iməcliyə getməlidirlər.
Məlumata görə, bu gün iməclik sırası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin imiş.
Vergilər Xidmətinin əməkdaşlarına da tapşırıblar ki, bu gündən onların da növbəsi başlayır. Xidmətin əməkdaşları şöbə-şöbə müəyyənləşdirilmiş ərazilərə gedəcək və oraları suvaracaqlar.
Miqrasiya Xidmətinin növbəsi hələ gəlməyib. Görünür, Vasif Talıbovun böyük oğlu Rzanın üzü suyu hörmətinə, onun kurasiyasında olan bu xidməti mövsüm bitənə saxlayırlar. O vaxta qədər mümkündür ki, iməcliyə ehtiyac qalmasın.
Prokurorluq orqanları da hələ ki iməclikdən yayınan zümrələrdəndir. Necə olsa, onlar dövlətin ittihamçılarıdırlar axı. İməclikdə istiyə düşərlər, fransızı rusdan ayıra bilməzlər, strateji müttəfiqlərimizə ayıb olar.
Amma dövlət hakimiyyətinin 3 qolundan biri sayılan Məhkəmə sistemi Naxçıvanda aşağı kastın nümayəndələri sayıldığından hakimlər nəyi var, iməcliklə sınağa çəkiliblər və s.
Ən maraqlısı isə odur ki, Naxçıvanda İməclik nazirliyi kimi tanınan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vergilər Xidməti, Məhkəmə sistemi və s. kimi aşağı kastın nümayəndələrinə barmaq silkələyiblər. İsmarış göndərib ki, gəlib sahələrdə monitorinq aparacaqlar. Kim pis işləsə, özündən küssün".

Geri qayıt