Əsas Səhifə > Güney Press > Fizioterapistlərin ilk konfransı keçirilib

Fizioterapistlərin ilk konfransı keçirilib


26-04-2024, 18:12
Fizioterapistlərin ilk konfransı keçirilib
Aprelin 26-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında
“Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri” mövzusunda elmi-
praktik konfrans keçirilib. Əvvəlcə Dövlət Himnimiz səsləndirilib və ərazi
bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi yad olunub.
Sonra ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının assistenti Maral
Dadaşova sözü universitetin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərova
verib. Prorektor xatırladıb ki, universitetin rəhbəri, professor Gəray Gəraybəylinin
əmrinə əsasən, 2020-ci ildə təşkil olunan İctimai sağlamlıq kafedrasında
fizioterapiya ixtisası yaradılıb: “II Qarabağ müharibəsi zamanı yaralanmış
hərbçilərimizin reabilitasiyası və normal həyata qaytarılması üçün belə bir ixtisasın
yaranmasına zərurət var idi. Bu istiqamətdə bu gün ilk konfrans keçirilir. Bir xoş
məqam da ondan ibarətdir ki, konfransda tanınmış alimlərimizlə yanaşı,
tələbələrimiz də çıxış edəcək. Bu da olduqca təqdiredici haldır”.
Fizioterapiya və tibbi reabilitasiya kafedrasının professoru Sədaqət Hüseynova öz
çıxışında bu sahənin tibbin digər sahələri kimi sürətlə inkişaf etdiyini bildirib:
“Məqsəd bu sahədə çalışan həkimlərin məlumatlılığını artırmaq, biliklərini
təkmilləşdirməkdən ibarətdir. Keçirilən konfransın əhəmiyyəti danılmazdır və
bəllidir ki, kafedramızda bu istiqamətdə kadrların hazırlanması tibbi
reabilitasiyanın müxtəlif sahələri üzrə ixtisaslı mütəxəssis qıtlığını aradan qaldıra
biləcək”.
Konfransın işinə uğurlar arzulayan TƏBİB sədrinin müşaviri Pərvin Əkbərov
uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə təkliflər
hazırladıqlarını bildirib: “Bu ilk növbədə Azərbaycan vətəndaşının sağlamlığına
yönəlik, fizioterapiya və tibbi reabilitasiya xidmətlərindən daha əlçatan və
keyfiyyətli şəkildə yararlanmağa böyük təkan olacaq. Onu da diqqətə çatdırım ki,
ölkə üzrə reabilitasiya mərkəzlərinin yenidən qurulmasına başlamışıq. Bu da
tələbələrimizin daha keyfiyyətli təhsil almasına, daha müasir xəstəxanalarda
işləməsinə imkan verəcək”.
ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent Paşa
Mehdiyev uzun müddət bu sahədə işləyənlərin bu ixtisasın üstünlük və
çətinliklərini yaxşı bildiyini dilə gətirib: “Ölkəmizdəki mövcud təbii müalicə
amilləri haqda hər birimizin məlumatı olmalıdır. Bunlardan palçıq vulkanları,
Naftalan nefti, Naxçıvandakı Duz mağarası, Culfadakı mərgümüş tərkibli sular,
Kəlbəcərin İstisuyunu və s. misal çəkmək olar. Bu sahələrin daha da inkişaf
etdirilməsi, praktikada effektiv tətbiqi baxımından mütəxəssislərə ehtiyac var.
Uzun müddət mütəxəssislərin hazırlanması və ixtisaslaşmış şəkildə xəstələrin
müalicəsi ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu məşğul olub. 2018-ci ildə təmir
olunan institutda hazırda xəstələr çox rahatlıqla müalicə ala bilirlər.
Bu gün kadr hazırlığı deyəndə göz önünə ilk gələn ATU-nun Fizioterapiya və tibbi
reabilitasiya kafedrasıdır. Məlumat üçün deyim ki, tibbi reabilitasiya ilə bağlı
tədris proqram hazırlanıb. Artıq 20-dən çox rezident fizioterapevt və tibbi
reabilitasiya üzrə ixtisaslaşıb”.
Kafedra müdiri onu da qeyd edib ki, hazırda fizioterapistlərin fəaliyyəti ilə bağlı
müəyyən məhdudiyyətlər var: “Onlara həm xəstə qəbul etmək, həm diaqnoz
qoymaq, həm də müayinələrə göndərə bilmək səlahiyyəti verilməlidir. Belə olarsa,
bu sahədəki müəyyən çətinliklər aradan qalxar”.
Sonra panel iclaslara start verilib. Mütəxəssislərin və tələbələrin çıxışları maraqla
qarşılanıb.

Fizioterapistlərin ilk konfransı keçirilib
Fizioterapistlərin ilk konfransı keçirilib

Geri qayıt