Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Sələmə pul götürdü... başına gəlməyən oyun qalmadı...

Sələmə pul götürdü... başına gəlməyən oyun qalmadı...


27-04-2024, 08:52
Sələmə pul götürdü... başına gəlməyən oyun qalmadı...
Tərtər rayon sakini Həşimova Aygün Sabir qızı tərərfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, övladını müalicə etridmək üçün sələmə pul almağa məcbur olub, borcunu tam ödəsə də, qarşı tərəf onu məhkəməyə verib:

“Mən, Həşimova Aygün Sabir qızı, diqqətinizə çatdırıram ki, 2021-ci ildə övladım xəstələndiyi üçün məcbur qalıb sələmə pul axtarırdım. Bu vaxt Etibar adlı şəxs dedi ki, qohumu İlham Əzimov sələmə pul verir. Həyat yoldaşım Həşimov Nizami Əvəz oğlu Əzimov İlhamdan 300 manat sələmə pul istədi. İlham sələmi vermək üçün yerinə qızıl və yaxud da maaş, pensiya kartı qoymalı olduğumuzu bildirdi. Biz də əlimizdə olan kartı ona verdik.

İlham kartı bizdən alanda dedi, sənədə qol çəkin ki, məndən 500 manat pul almısınız. Bizə dedi ki, siz pulu verməsəniz, məhkəməyə müraciət etmək üçün əlimdə sübutum olsun deyə bunu edirəm. Biz də razılaşıb, sənədə qol çəkdik.

Bu məsələnin üstündən 1 ay keçmişdi, uşağımın müalicəsi üçün əlavə 300 manat lazım oldu. Bu dəfə öz adıma İlhamdan pul götürdüm və dedim ki, artıq borc sənədinə qol çəkməyəcəm. Əvvəl yox dedi, sonradan razılaşdı.

Pulu axırıncı ayına kimi özü kartımdan çəkdi və borcum bitdikdən sonra kartımı tələb etdim. Mənə dedi ki, hələ 2 ayın var, borc bitməyib. Sənəddə borcumun vaxtının bitdiyini bildirdim. İlham dedi ki, kartını versəm də, səni məhkəməyə verəcəm. Sənin mənə 2 aylıq borcun var. Məhkəməyə verəcəyini fikirləşmədim.

Bir müddət sonra “JEK”dən bizə zəng gəldi ki, icraçı sizi çağırır. İcraçı bildirdi ki, məhkəmə Həşimov Nizamiyə 300 manat verməyinizi tələb edir. Həmin günün səhərisi məhkəməyə getdim. Məhkəmə nümayəndəsinə başıma gələni danışdım və soruşdum ki, bizə niyə bildiriş gəlməyib?! Bizim iştirakımız olmadan məhkəmə necə qərar verib? Bizə dedilər ki, gəlin iddia ərizəsi yazın.

Rayonda 2 vəkilə yaxınlaşıb ərizə yazdırmaq istədim, lakin yazmadılar. Vəkillər bildirdilər ki, məhkəmədən 10 gün sonra müraciət etmək lazım idi, artıq gecikmisiniz.

Məhkəmə nə vaxt olub, nə vaxt bitib, mən və yoldaşım bilməmişik. Bizi yalnız icraçı axtaranda məsələdən xəbərdar olmuşuq.

Özüm gözdən əliləm, 1 övladım var. Mən borcumu sona qədər ödəmişəm, mənim heç kimə borcum yoxdur. O adam bizə şər-böhtan atır”.

Geri qayıt