Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Paşinyanın sülh yolunda REVANŞİST ƏNGƏLİ...

Paşinyanın sülh yolunda REVANŞİST ƏNGƏLİ...


27-04-2024, 08:56
Paşinyanın sülh yolunda REVANŞİST ƏNGƏLİ...
"Sərhədlərin dəqiqləşdirilməsi və nişanlanması prosesi əslində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması baxımından əhəmiyyətli yeni bir əngəlin aşılması prosesi olaraq xarakterizə edilə bilər. Çünki daha əvvəl müxtəlif problemlər var idi. Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanınması, müqavilədə onunla bağlı heç bir məqamın qeyd edilməməsi, erməni işğalçılarının bölgəni tərk etməsi, bu prosesdən sonra sərhədlərin dəqiqləşdirilməsi, bir də Zəngəzur dəhlizi məsələsi bu məsələlərin içərisində aktual yerləri tutur".
Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Nazim Cəfərsoy danışıb. Ekspert qeyd edib ki, artıq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın qanunsuz hərbi birləşmələri bölgəni tərk etdilər. Zəngəzurla bağlı müzakirələr hələ davam edir.

Sərhədlərin dəqiqləşdirilməsi prosesinə başlanılıb. 4 kəndin qaytarılması prosesi də artıq aktuallaşıb.

Nazim Cəfərsoyun sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı müxtəlif məqamlar var.

“Bunlardan birincisi sərhədlərin dəqiqləşdirilməsi nişanlanması hansı siyasi müqavilə ilə və ya hansı tarixə görə müəyyənləşdiriləcək. Son açıqlamadan anlaşılan budur ki, 91-ci ildəki “Alma-Ata bəyannaməsi kontekstində, köhnə sovet sərhədləri çərçivəsində müəyyənləşdiriləcək. İkinci məsələ dəqiqləşdirmə məsələsinin sülh müqaviləsindən əvvəl, yoxsa sonra olması ilə bağlıdır. Ancaq görünən odur ki, proseslər paralel gedir. Bir tərəfdən dəqiqləşdirmə və nişanlanma prosesi gedərkən, digər tərəfdən də sülh müzakirələri davam edir. Belə görünür ki, sülh müqaviləsi imzalanandan sonra da proses davam edəcək.

Digər bir məsələ kəndlərin qaytarılması ilə bağlı metod idi ki, hansı formada qaytarılacaq. Çünki orada həm birbaşa Azərbaycana birləmiş olan 4 kənd var. Ankav dediyimiz 3 kənd Qazaxda və Naxçıvanda 1 kənddir. Bu kəndlərin durumu necə olacaq?”-deyə politoloq şərh edib.

Nazim Cəfərsoyun fikrincə, bu proeslərin hansı müddətdə baş verəcəyi ilə bağlı konkret bir açıqlama yoxdur.

Politoloq bildirib ki, hal-hazırda məsələ erməni siyasətində də əsas gündəm mövzusudur. Xüsusən revanşistlər bu prosesi həm Paşinyana qarşı bir siyasi təzyiq vasitəsi kimi, cəmiyyətdə ona qarşı etirazları gücləndirmək və ya ona qarşı etirazları səfərbər etmək istiqamətində istifadə etməyə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini sülh müqaviləsini sabotaj etməyə çalışırlar.

Nazim Cəfərsoy hesab edir ki, hələlik bu istiqamətdə Paşinyanın mövqeləri daha güclü görünür. Azərbaycan və Ermənistanın rəsmiləri tərəfindən verilən açıqlamalardan görünür ki, tərəflər sülh müqaviləsi ilə bağlı da mühüm addımlar atırlar. Müzakirələr gedir, sülhə çox yaxın olduqlarını hər iki tərəf ifadə edirlər.

Nazim Cəfərsoy bildirib ki, bununla bağlı müxtəlif müzakirələr davam edəcək.

Geri qayıt