Əsas Səhifə > Güney Press > Piştaxtaya vaxtından tez çıxarılan bostan məhsulları

Piştaxtaya vaxtından tez çıxarılan bostan məhsulları


29-04-2024, 13:56
Piştaxtaya vaxtından tez çıxarılan bostan məhsulları
Yayın ən qızmar aylarında satışda görməyə adət etdiyimiz mövsüm meyvələri may gəlməmiş piştaxtalardadır. Yayın ən sevilən meyvəsi olan qarpız, alça, çiyələk artıq aprel ayından satışdadır. Qiyməti yüksək olsa da, mövsüm gəlməmiş yetişən bu meyvələrin alıcısı kifayət qədərdir.
Sputnik Azərbaycan vaxtından tez satışa çıxardılan çiyələk, qarpız, alçanın orqanizm üçün təhlükəli olub-olmadığını araşdırıb.

Qidalanma üzrə ekspert Məhsəti Hüseynova Sputnik Azərbaycan-a bildirib ki, satışda olan qarpız, çiyələk və alçanın bu mövsümdə yetişməsi ancaq istixana şəraitində mümkündür. Onlara normadan artıq azot verilir ki, bu da məhsulda nitratın miqdarını artırır:
"Belə məhsullar qəbul edildikdə, nitratın miqdarı bağırsaqlarda nitritə çevrilərək daha çox zəhərləyici təsir göstərir. Bu da həzm sistemi pozulmalarına, mədədə şişkinliyə, allergik reaksiyalara səbəb olur. Ona görə də belə məhsulları almaq, qəbul etmək tövsiyyə olunmur. Xüsusilə xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar üçün bu məhsullar daha təhlükəlidir".

Qeyd edək ki, mağazalarda satışda olan qarpızların və alçanın İrandan idxal edildiyini, çiyələyin isə Cəlilabadda istixanalardan satışa çıxardıldığını bildirdilər.
Məlumat üçün deyək ki, satışda hazırda 100 qram alça 5 manatdır. Qarpızın bir kiloqramı 1.49, çiyələyin kiloqramı 3.49 manatadır.
Tanınmış pediatr Vaqif Qarayev Sputnik Azərbaycan-a bildirib ki, mövsümündən tez yetişən meyvələr xüsusilə uşaqlar üçün təhlükəlidi:.
"Valideynlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, uşaqlara satışda olan çiyələk, alça, qarpız alıb verirlər. Bu isə uşaqlarda ən çox allergiyaya, mədə-bağırsaq pozuntusuna səbəb olur. Qarpız, çiyələk və alça təbii yolla yetişmədiyindən, gübrələr verildiyindən böyüməkdə olan orqanizmə təhlükə yaradır".
Pediatr əlavə edib ki, allergik uşaqlar üçün bu meyvələrin qəbulu daha təhlükəlidir.
O, mövsümü olmasa da, artıq satışda olan çiyələk, alça və qarpızdan zəhərlənmə ilə bağlı onlara müraciətlərin olduğunu bildirib: "Qarnında sancı, diareya, ürək bulanma ilə uşaqları gətirəndə valideynə ilk verdiyimiz sual bu olur ki, uşağa hansı qidanı vermisiz? Əksər hallarda məlum olur ki, uşaq çiyələk, yaxud qarpız yeyib. Bəzən davamlı qusma və temperaturla da uşaqlar gətirilir. Bu, artıq zəhərlənmənin baş verdiyindən xəbər verir".

Geri qayıt