Əsas Səhifə > Güney Press > "Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..."

"Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..."


27-04-2024, 14:00
"Gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq..."
“İlham Əliyevin son Moskva səfərini və Rusiya lideri V.Putinlə görüşlərinin nəticələrini müsbət dəyərləndirirəm. Hesab edirəm ki, çox uğurlu səfər oldu. Blirsiz, Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, onun ərazisində artıq Rusiya sülhməramlıları da çıxandan sonra, ümumiyyətlə, Rusiya qoşunları yoxdur. Neçə illərdir Gürcüstan da, son illər Ermənistan da deyir ki, biz Qərbmeyilli dövlətik. Ancaq göz qabağındadır ki, son 3 ildə ermənilərlə münaqişə zonasında sülhməramlıların olmasını istisna etsək, Azərbaycanın ərazisində heç bir xarici ölkə bazası, sırf hərbi kontingenti olmadığından o, tam müstəqil bir dövlətdir və öz milli maraqlarına uyğun siyasətini həyata keçirə bilir. Bu səfər də həmin uğurlu siyasətin davamıdır”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri Moderator.az-a açıqlamasında səsləndirib.

“Və onu da deyim ki, artıq bir sıra beynəlxalq dairələr Azərbaycanın regionda öz müstəqil siyasətini yeridən dövlət olduğunu qəbul etməkdədirlər. Bu günlərdə “Frans-press” agentliyinin müxbiri məndən müsahibə götürərkən belə bir fikir işlətdi: “Azərbaycan yeganə dövlətdir ki, indiki çox mürəkkəb və ziddiyyətli bir geo-siyasi durumda öz məqsədlərinə nail ola bilir”. Yəni göz önündədir ki, Ukrayna kimi ərazi və əhalicə böyük bir Avropa dövləti Qərbin, ABŞ-ın ciddi dəstəyinə də rəğmən Rusiyaya qarşı savaşda öz məqsədlərinə nail ola, ərazi bütövlüyünü bərpa edə bilmir... Azərbaycan bu gün Rusiyanın qonşuluğunda NATO üzvü olan Türkiyə ilə faktiki hərbi müttəfiqdir. Buna baxmayaraq təhlükəsilzik sistemini elə qurub ki, nə Rusiya, nə də İran burada özü üçün bir təhlükə görür. Bununla belə, mən ona da əminəm ki, gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq...

O da diqqətəlayiqdir ki, Azərbaycan liderinin Rusiya prezidenti ilə son görüşü zamanı “təhlükəsizlik”, “təhlükəsizlik arxitekturası” ifadələrindən də istifadə olunub. Bütün bu deyilənləri nəzərə alsaq, Prezident İlham Əliyevin budəfəki Moskva səfəri ölkəmizin gələcəyi üçün yetərincə əhəmiyyətli hesab olunur”, -deyə davamında sabiq baş diplomat vurğulayıb.

Geri qayıt